Barmeni bıçaqlayan şəxs ifadə verib

Barmeni bıçaqlayan şəxs ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində internet klubda mübahisə etdiyi dostunu öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Zaur Qasımovun məhkəməsi keçirilib.

XƏBƏRÇİ.AZ "Qafqazinfo" ya istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə Z.Qasımov ifadə verərək mərhum Xəyal Məmmədovla yaxın olduqlarını deyib: “Klubda olanda məndən siqaret istədi, gedib aldım. Sonra mən ondan su istədim, vermədi. Dedim niyə belə edirsən, dedi yaxşı edirəm. Buna görə mübahisəmiz düşdü. Bir neçə gün sonra görüşəndə yenə söhbətimiz düşdü. O bıçaq çıxarıb məni vurmaq istəyəndə, onu vurdum. Sonra da onun bıçağını götürüb bir zərbə vurdum, bıçaq sındı”.

X.Məmmədovun atası Qorxmaz Məmmədov isə Z.Qasımovu heç vaxt bağışlamayacağını deyib: “Belə boş-boş söhbət edənlər, heç nədən adam öldürənlər cəmiyyətdən təcrid edilməlidir, onlara ömürlük cəza verilməlidir. Mənim, ailəmin göz yaşları, qarğışları heç vaxt bu adamı rahat buraxmayacaq, ömrü boyu onu izləyəcək”.

Qeyd edək ki, hadisə 2017-ci il noyabrın 27-nə keçən gecə Bakının Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsində baş verib. Zabrat sakini, 1994-cü ildə anadan olmuş Qasımov Zaur Akif oğlunun Naxçıvan sakini, 1995-ci il təvəllüdlü Məmmədov Xəyal Qorxmaz oğlunu münaqişə zəminində öldürüb. Hər iki şəxs bir-birilərini daha əvvəldən tanıyıb və İkinci Zabrat qəsəbəsində yaşayıblar. Hadisədən 10 gün əvvəl internet klubda onlar arasında mübahisə düşüb. Bu zaman gəncləri yaxınlıqdakı şəxslər sakitləşdirib. Bir neçə gün sonra isə onlar həmin ərazidə yenidən rastlaşıblar və Zaur Xəyalı kənara çağırıb. O, özü ilə gətirdiyi bıçaqla 22 yaşlı Xəyalın döş qəfəsinə öldürücü zərbə vuraraq qaçıb. Köməyə gələn şəxslər Xəyalı xəstəxanaya çatdırsa da, artıq gec olub.

21 yaşlı Xəyal Məmmədov barmen işləyirmiş.


loading...