Mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində “Mersedes” markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində naməlum bir şəxs öldürülüb.
XƏBƏRÇİ.AZ DİN-ə istinadən xəbər verir ki, meyidi tapılan şəxsin “Mersedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.
Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Pərviz Məmmədov, Sumqayıt şəhərində yaşayan Rahin Hüseynov və Şəmkir rayon sakini Şamil Bayramov tutulub.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər Bakı-Sumqayıt istiqamətində hərəkət edən taksilərdən birinə müştəri kimi əyləşərək avtomobili H.Z.Tağıyev qəsəbəsinə sürdürməyi və orada sürücüyə zor tətbiq edərək onun pulunu, mobil telefonunu almaq barədə əvvəlcədən razılığa gəliblər. Bu niyyətlə hər 3 şəxs mayın 8-də metronun “20 Yanvar” stansiyasının yaxınlığında A.Şıxəliyevin idarə etdiyi “Mersedes” markalı avtomobilə əyləşiblər. Qabaqcadan nəzərdə tutulmuş yerə çatdıqda Ş.Bayramov və R.Hüseynov üzərlərində olan bıçaqlarla A.Şıxəliyevə çoxsaylı zərbələr endirərək onu qətlə yetiriblər. Sonra onlar sürücünün cibindən 19 manat və 2 ədəd mobil telefonunu götürərək hadisə yerini tərk ediblər.Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.