“Ölüm, həmişə bu peşə sahiblərinin başları üstündə hərlənirdi”
XƏBƏRÇİ.AZ OilGas.az-a istinadən xəbər verir ki, neftçilər barədə deyilən bu sözlər yazıçı Manaf Süleymanovun “Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim” kitabında əks olunub. Süleymanovun sözlərinə görə, bir zamanlar ən ağır, ən çətin, ən qorxulu iş quyu qazmaq, neft çıxarmaq, bir də neft təmizləmək idi:
“Qabaqlar dayaz quyuları külüng və bel ilə qazırdılar; quyuların dərinliyi az idi, zaman keçdikcə artdı, əlli, altmış, daha çox… Zəhərli qaz, yeraltı sular, palçıq qazmaçıları bərk incidir, adamları əldən, taqətdən salırdı. Dərinə getdikcə hava azalır, zəhərli qaz artır, iş ağırlaşır, yeraltı su təbəqələri açılır, su basqını başlayır, quyu divarları uçub tökülür, tez-tez bədbəxt hadisələr baş verirdi. Qəfildən fontan vuranda qazmaçının heç cəsədi də tapılmırdı. Sevimli yazıçımız Abdulla Şaiq «Məktub yetişmədi» hekayəsində qazmaçıların acınacaqlı, başdan-başa əziyyət, məşəqqətli həyatını, facianə ölümünü mahir, realist qələmlə təsvir etmişdir.
400-600 metr dərinlikdəki neft təbəqəsini texniki üsulla iki ilə, üç ilə qazıb başa çatdırırdılar. Qəza baş verdikdə, iş günü podratçıya çox baha tamam olurdu, quyuya düşmüş baltanı, ilişib qalmış avadanlığı çıxarmaq o qədər də asan deyildi; aylarla əlləşirdilər; başqa dəstədən dəvət edilən təcrübəli ustaların belə, çox vaxt əllərindən heç nə gəlmirdi; hər şey yerin altında, dərin quyuda – göz görmür, əl çatmır; bütün cəhdlər hədər gedirdi. Belə günlərdə usta və fəhlələrə podratçı maaşın ancaq yarısını ödəyirdi. Avadanlıq və cihazlar ibtidai idi, Ustaların müşahidə qabiliyyəti və sənətkarlığı, duyğuları yeganə həlledici vasitə idi. Təcrübəli qazmaçının qulaqları alətin səsindən, tərpənməsindən süxurlar, təbəqələr barədə nəticə çıxarırdı.
Podratçılar texnikanı, yeniliyi sevmirdilər. Onların fikrincə ölçü cihazları boş şeydir, yer haqqındakı geologiya elmi nağıldır, guya hər şey ustadan asılıdır; vərdiş, sayıqlıq lazımdır. Xurafata da inam çox idi: düşənbə günü yeni əməliyyata başlamırdılar, usta və fəhlələrin ayağı düşüb-düşməməyi, xoş, ya da bəd qədəm olmasına yaman fikir verirdilər. Tək səbr gətirəni döyürdülər…
Neft çıxardanların – dartayçıların işi qazmaçılarınkından heç də asan deyildi. On iki saat ərzində bir saniyə belə dincəlmir, ağır jelonkanı qaldırıb nefti boşaldır, təzədən quyuya sallayırdı. Səs-küydən qulaq kar olur, beyin kütləşirdi. Dartayçı jelonkanın üst şkvaldan çıxmasına yol verməməli idi, əks təqdirdə quyu iki-üç saat dayanırdı. Gecə növbəsində dartayçıların işi daha ağır olurdu. Bir balaca ehtiyatsızlıq eləsə, fikrə getsə, mürgüləsə qəza baş verərdi. Fikir və qorxudan dartayçılar tez qocalır, kar olur, əldən düşürdülər.
– Hər iki sənət sahibi çox vaxt qoldan, qabırğadan, beldən, qıçdan şikəst olurdu. Dartayçıların və qazmaçıların çoxu iranlılar idi. Bu peşə güc, dözüm və səbr tələb edirdi. Ehtiyac isə insanı ən çətin işlərə vadar edir. İranlı fəhlələr ağzını açan kimi «həmşəri» deyib elə kötəkləyirdilər ki, bir də cürət edib dinə bilmirdilər. Boğaza yığılıb rəhm və haqqını tələb edəndə, başını qaldıranda quyuya atırdılar. Balaxanıda dörd nəfər fəhlə əl ilə qazılan ayrı-ayrı quyuda uçan torpağın altında qalıb həlak olmuşdu. Pristava 100, okolodoçniyə 50 manat, konsul katibinə 25 manat xərclik verib, cinayəti ört-basdır eləmişdilər. Belə hadisələr tez-tez baş verirdi”.