Bakıda qohumunun qonşusunun evindən 1600 dollar və 300 manat oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xəbərçi.az-a verilən məlumata görə, Bakı şəhər sakini Əliağa Kərimov yanvarın 27-də Polis Bölməsinə şikayət edərək yaşadığı evdə içərisində 1600 ABŞ dolları və 300 manat olan pul kisəsinin naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.
Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyri-aşkar şəraitdə və zərərçəkənə maddi ziyan vurmaqla törədilən oğurluq hadisəsinin üstü açılıb.
Bölmə əməkdaşlarının “isti izlərlə” həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Nərimanov rayon sakini, əvvəllər məhkum olunmuş Fəridə Miriyeva saxlanılıb. Saxlanılan şəxsin üzərindən oğurladığı pulun bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. F.Miriyeva bildirib ki, oğurluğa daxil olduğu evin qonşuluğunda qohumu yaşayır. O, qohumunun evinə gəlib-gedən zaman oğurluq məqsədi ilə həmin mənzilə daxil olduğunu etiraf edib.
Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.