Bakıda şəhid qızını avtomobillə vurub öldürən iş adamının oğlunun məhkəməsi başlayıb
Xəbərçi.az ölkə.az-a istinadən məlumat verir ki, Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, R. Rəhimov Bakı Dövlət Universitetinin tələbəsidir. Sonra təqsirləndirilən şəxsin qanuni nümayəndənin olmadığını əsas gətirərək, məhkəmə iclasının təxirə salınmasını istəyib.
Buna görə proses fevralın 2-dək təxirə salınıb.
Qeyd edək ki, hadisə ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində baş verib. şəhid Elton Əkbərovun qızı Könül Əkbərova "Jeep Grand Cherokee” markalı avtomobillə vurularaq öldürülüb.
1975-ci il təvəllüdlü Könül Əkbərovanı "Jeep Grand Cherokee”markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimli olması müəyyən edilib və o, həbs olunub.
Onu da qeyd edək ki, R. Rəhimovun atası Akif Rəhimov "Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri, əmisi Məmməd Rəhimov isə "Yeganə” şadlıq sarayının sahibidir.