Ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Xəbərçi.az-ın məlumatına görə, bunu baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2017-ci ildə görülən işlərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, məhkəmələrə göndərilən 305 şəхs bаrəsində 214 cinayət işindən 127 şəxs barəsində 83 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 67 şəxs barəsində 56 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 35 şəxs barəsində 25 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 17 şəxs barəsində 7 iş rüşvət alma (passiv rüşvətxorluq), 19 şəxs barəsində 11 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 8 şəxs barəsində 7 iş vəzifə saxtakarlığı, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.
"2017-ci ildə korrupsiyaya qarşı mübarizə sahəsində Baş Prokuror Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib".
O deyib ki, ötən il 20 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin 43, 44 və 54-cü maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilərək, baxılması üçün aidiyyəti üzrə dövlət orqanlarına göndərilib.
K.Əliyev vurğulayıb ki, araşdırmalar nəticəsində yol verilən qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə göndərilən 88 təqdimat nəticəsində 53 vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi təmin olunub.