Sabirabad rayonunda 14 yaşlı qızın dərmandan zəhərlənərək ölməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.
Milli.Az xəbər verir ki, Sabirabad rayon Prokurorluğundan lent.az-a bildirilib ki, Mürsəlli kənd sakini, 2003-cü il təvəllüdlü Leyla Şövqi qızı Gözəlovanın ölümüylə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Müvafiq ekspertizalar təyin edilib, araşdırmalar aparılır.
İlkin araşdırmalar zamanı məlum olub ki, 14 yaşlı Leyla evdə olarkən təzyiq salmaq üçün istifadə edilən dərman həbləri qəbul edib. Onun səhhətində daha əvvəl ciddi problem olmayıb.
Leyla Gözəlovanın təhsil aldığı Mürsəlli kənd orta məktəbinin direktoru Əhəd Şükürov lent.az-a bildirib ki, o, ziyalı ailədə böyüyüb və əlaçı olub: "Leyla ailənin də, məktəbin də gözü idi. Çox tərbiyəli, nizam-intizamlı şagird idi, davamiyyəti əla idi. Onun hansı səbəbdən vəfat etməsi hamımıza qaranlıqdır. Məktəblə, dərsləri ilə bağlı bugünədək şikayəti olmayıb. Müəllimlərini harada görürdüsə, ədəblə salam verib keçərdi".