Nail Allahverdiyev: "Ona görə sürətli sürürdüm ki..." - YENİLƏNİB

Nail Allahverdiyev: "Ona görə sürətli sürürdüm ki..." - YENİLƏNİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi keçirilir.

Xəbərçi.az qafqazinfo.az-a istinadən məlumat verir ki, hakim Əhməd Quliyevin icraatında olan prosesdə hadisə zamanı N.Allahverdiyevlə ötüşən "Mazda"nın sürücüsü "Maqa" ləqəbli Mirməhəmməd İsmayılov ifadə verib.

O deyib ki, haqqında deyilənlər yalandır: "Uzun müddət idi Naillə bir-birimizi görmürdük. Həmin gün də görüşmək üçün razılaşdıq. Mərdəkanda görüşdük, axşam da hərə öz maşınında evə qayıdırdı. Mən Nailin arxasıyca gedirdim,o qəfildən sürəti artırdı. Nailə zəng etdim, cavab vermədi. Mən həmin yerə çatanda artıq hadisə olmuşdu". 

Daha sonra N.Allahverdiyev ifadə verib. O, maşını yüksək sürətlə sürməsinin səbəbini də açıqlayıb: "Biz gələndə yolda Mehdinin səhhəti pisləşdi, onun ürəyi ağrıyırdı. Mən onu təcili xəstəxanaya çatdırmaq üçün sürətli sürməyə başladım. Sonra da hadisə oldu. Mən də adi vətəndaşam, hadisə yerindən də qaçmamışam, ədalətli qərar verilməsini gözləyirəm".

Mərhum M.Əliyevin həyat yoldaşı Ülviyyə Əliyeva da ifadə verərək şikayəti olmadığını deyib: "Mehdi ilə Nail dost idi. Mən əminəm ki, maşını Mehdi sürsə idi və belə hadisə Nailin başına gəlsəydi, onun da ailəsi şikayətçi olmazdı".

Qəza zamanı vəfat edən Vaqif Əsədovun oğlu Ramiz Əsədov da şikayətçi olmadığını deyib: "Atam hər gün o yolla həmin vaxt işdən gəlirdi. Hadisə günü isə evə gəlmədi. Polis İdarəsinə getdim, bir kişi meyiti göstərdilər. Gördüm ki, atamdır".

N.Allahverdiyevin vəkilləri təkrar avtotexniki ekspertizanın keçirilməsi üçün vəsatət veriblər.

Məhkəmə prosesi dekabrın 11-də davam etdiriləcək.

------------

14:28

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəmə istintaqı  keçirilib. 

Xəbərçi.az modern.az-a istinadən məlumat verir ki, məhkəmə prosesində işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb. Prosesdə qəza zamanı xəsarət alan və zərərçəkmiş kimi tanınan Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişin məhkəməyə gəlmədiyi elan olunub. 

Onların hazırda Türkiyədə müalicə aldıqları qeyd olunub. 

Məhkəmə iclasında hadisə zamanı dünyasını dəyişən şəxslərin hüquqi varisləri Ramiz Əsədov, Adil Ocaqverdiyev və Ülviyyə Əliyeva iştirak ediblər. Şahid qismində isə Nailin atası Elman Allahverdiyev və dostu Mirməhəmməd İsmayılov ifadə veriblər. 

Prosesdə Nail Allahverdiyevin vəkili hakimdən müdafiə etdiyi şəxsə qarşı irəli sürülən 264-cü maddənin əsassız sayılmasını istəyib və təqsirləndirilən şəxs barəsində aparılan istintaqın qərəzli olduğunu bildirib. 

Daha sonra işə ekspert rəyi verən Sabir Şabanov danışıb. Onun ardınca çıxış edən Nail Allahverdiyev sosial mediada özü barəsində yazılan yazıları həqiqətəuyğun hesab etməyib. 

"Mən, həmçinin məhkəmə psixoloji ekspertizasının rəyi ilə də razı deyiləm. Onu da qeyd edim ki, hadisə yerindən qaçmamışam. Sosial şəbəkələrdə mənim haqqımda həqiqətə uyğun olmayan yazılar yazılıb. Mən də hər kəs kimi sıravi Azərbaycan vətəndaşıyam. Məhkəmədən ədalətli qərarın verilməsini istəyirəm. Ümid edirəm ki, ədalətli qərar veriləcək".

Xatırladaq ki, prosesdə zərərçəkmiş tərəf kimi iştirak edən Ramiz Əsədov qəza zamanı yolu keçən piyada Vaqif Əsədovun oğludur. Ülviyyə Əliyeva isə Nail Allahverdiyevin sürücüsü olmuş və qəza zamanı dünyasını dəyişmiş Mehdi Əliyevin xanımıdır.


loading...