Stilist Anar: "Kök xanımlara ağ şalvar geyinməyi qadağan edərdim"

Xəbərçi.az bildirir ki, 2019-cu ildə şəxsi kosmetika brendini dünyada satışa çıxarmağa hazırlaşan stilist Anar Ağakişiyev publika.az-a müsahibə verib.
Stilist Anar: "Kök xanımlara ağ şalvar geyinməyi qadağan edərdim"

- Neçə ildir ki, makiyaj ustası kimi fəaliyyət göstərirsiniz?

- 2000-ci ildən bəri.

- Bu illər ərzində bütün qazandıqlarınız pulları salona yatırdınız?

- Bəli. Pulunu yığıb evində saxlayan insanlardan xoşum gəlmir, bu, doğru yanaşma deyil. Daha böyük pullar qazanmaq istəyirsənsə, qazandıqlarını başqa bir işə yatırmalısan. Mən isə maliyyə böhranından sonra gənc sahibkarlar üçün yaradılan güzşətlərdən istifadə etdim. Böhrana görə vergilərdən 2 illik azad oldum.

- Bu gün sizi ölkənin ən məşhur sənətçiləri və varlı ailələrinin xanımlarını bəzəyən makiyaj ustası kimi tanıyırlar. Gözəllik salonunu açmaq üçün onlar sizə yardım etdilər?

- Dostlarım çoxdur, sağ olsunlar, heç biri köməyini əsirgəmdi. Sırf maddi baxımdan yox, sadəcə təmir işlərində, avadanlığın xaricdən gətirilməsində kömək etdilər.

- İşinizdə uğurlu olmağınzın sirri nədir?

- İşimə qarşı olan sevgim. İşimi o qədər sevirəm ki, saatlarla ac-susuz qala və müştərilərin bütün nazına dözə bilərəm.

- Bu yaxınlarda gözünüzü əməliyyət etdirmisiniz. İndi vəziyyətiniz necədir?

- Bir gözümdə doğuşdan problem var idi, hiss etdim ki, getdikcə pisləşir. Əməliyyat Azərbaycanda baş tutdu, indi çox yaxşıyam.

- Payız-qış aylarında necə makiyajlar dəbə minəcək?

- Gələn aydan başlayaraq tünd rəngli, hətta qara dodaq boyaları yenidən aktual olmağa başlayacaq. Gözlərdə isə ya sıfır makiyaj, yaxud da ancaq parıltılı göz kölgələri dəbdədir. 2018-ci ilin ilk aylarında 10 il əvvəlki zərli makiyajlar yenidən gündəmə gələcək. Üzdə ağır tonal kremlərdən istifadə məsləhət görülmür. Gəlinlər üçün sadə makiyaj dəbdədir, lakin tünd dodaq boyaları ilə makiyajı daha nəzərə çarpan edə bilərlər.

- Saç dəbi haqqında nə deyə bilərsiniz?

- Tünd və təbii dalğaları olan saç stilləri yenə də aktual olmağa davam edəcək.

- Sokratın gözəllik haqqında belə bir fikri var: “Gözəllik uzun müddət idarə oluna bilməyən hakimiyyətdir”. Gözəlliyi idarə etmək həqiqətən çətindir?

- Bu fikirlə razı deyiləm. Müasir dövrdə qadınlar üçün gözəlliyi idarə etmək, onu qorumaq çox asandır. Adicə səhər yuxudan oyanıb üzünü soyuq suyla yumaq gözəlliyinin qayğısına qalmaq deməkdir. Gözəl görünmək üçün istək olmalıdır. Odur ki, ətrafa gözəllik saçmaq istəyirsinizsə, tənbəllik etməyin.

- Azərbaycanlı xanımlar yaşa dolduqca gözəlliyini itirir, yoxsa daha da gözəlləşir?

- İtaliya və başqa ölkələrlə müqayisə etsək, bizim xanımları ilk sıralara daxil edərəm. Çünki azərbaycanlı qadınlar həmişə həm dəbli, həm gənc, həm də gözəl görünməyə can atır. Xarici ölkələrdə 40-45 yaşlı xanımlar adətən təbiiliyə üstünlük verir, bu, normal haldır. Amma təbiilik bütün hallarda gözəllik demək deyil. Əgər alnında böyük xal varsa, onu saxlamaq olmaz, ən azından estetik görünmür, mütləq kəsdirmək lazımdır.

- Sizə elə gəlmir ki, süni olmağa çalışan xanımlarımız daha çoxdur. Məsələn, əlinə pul keçən kimi qadınlarımız estetik cərraha üz tutur, ya dodaqlarını böyüdür, ya burnunu kəsdirir, ya da yanaqlarını şişirdir.

- Sözsüz ki, belə hallara qarşıyam. Amma bu, bir dəb halını alıb. Saçı seyrək olan xanımların qaynaq etdirməsində, burnu uzun xanımların burnunu kəsdirməsinə pis baxmıram. Bütün bunlar miqdarında edilərsə, normaldır. Təəssüf ki, rəfiqələr bir-birinin prinsipinə dodaqlarını ikiqat böyüdür. Bu da onu göstərir ki, qadınlar öz arasında həmişə gizli və ya açıq şəkildə rəqabət aparırlar. Necə deyərlər qadın böyük qüvvədir. Məndən kimsə məsləhət istəyəndə əgər həqiqətən də onun estetik əməliyyata ehtiyacı olmadığını düşünürəmsə, dəstəkləmirəm.

- Azərbaycanlı kişilər necə qadın sevir: təbii, yoxsa estetikli?

- Bəylərmizin zövqləri müxtəlifdir. Elələri var ki, Barbi gəlinciklərini xatırladan xanımları sevir, digərləri təbii. Amma statistikaya nəzər salsaq, azərbaycanlı kişilərin əksəriyyəti təbii və səmimi qadınları bəyənir.

- Xanımları nə çirkin göstərir?

- Yekəxanalıq.

- Bəs kişiləri?

- Köklük.

- Bir stilist kimi bu il qadınlara nəyi geyinməyi qadağan edərdiniz?

- Bəylərimizi toy məclislərinə adətən ağ soroçka geyinirlər, bir az yeyib-içdikdən sonra düymələri açılır, Bu, çox pis görünür.

Kök xanımlara da ağ şalvar geyinməyi qadağan edərdim.

- Neçə yaşdan sonra qadınlar stilində dəyişiklıik etməlidir?

- 50 yaşdan sonra klassik geyimlərə üstünlük versələr, yaxşı olar. Mini yubkaları isə midi versiyaları ilə əvəz etməyi məsləhət görərdim.

- Hansı ölkənin xanımları gözəlliyilə sizi təəccübləndirib?

- Braziliya.

- Onları xüsusi edən nədir?

- Çox şən və maraqlı xanımlardır.

- Məşhur sənətçilərlə işləmək çətindir?

- Çətin olsa da, olmasa da bu, mənim işimdir. Salonumuz hamıya xidmət göstərir. Kiməsə “Səndən xoşum gəlmir, bura gəlmə” deməyə ixtiyarım yoxdur.

- Məsələn, Elza Seyidcahanla yenidən çalışarsınız?

- Bu barədə danışmaq istəmirəm.

- Halbuki əvvəllər Elza xanımla çalışmısınız...

- Bəli, əvvələr onunla işləmişəm, amma həmin insan efir etikasına əməl etməyibsə, ən yaxşısı münasibəti kəsməkdir. Öz ab-havamı korlamaq istəmirəm.

- Şəhərin ən bahalı salonlarından birinin sahibisiniz. Gördüyünüz işin qiyməti keyfiyyəti ilə uzlaşır?

- Bəli, işlətdiyim bütün kosmetika məhsullarını xaricdən çox baha qiymətə alıram. İşin keyfiyyətli olmasının 50 faizi məndən asılıdırsa, 50 faizi də kosmetikalardan asılıdır.

- Bəzədiyiniz yaşlı qadınların makiyajdan əvvəl və sonrakı fotoları bütün dünya mətbuatında yayılmışdı. Bu xəbərləri görəndə nə hiss etdiniz?

- Həmin şəkillər 500-dən çox saytda yerləşdirilmişdi. Əlbəttə ki, təəccübləndim, amma qazandığım bu uğur mənə bir aydan sonra çatdı. Özümü daha güclü hiss etdim və başa düşdüm ki, Azərbaycanda bu sahədə məndən irəlidə heç kəs yoxdur. Yaxın 10 il ərzində, bəlkə də ömrümün sonuna qədər məndən yaxşı makiyaj ustası olmayacaq.

- Yaşlı xanımları makiyaj etdikdən sonra güzgüyə baxanda necə reaksiya verdikləri maraqlıdır. Çünki həqiqətən də inanılmaz dərəcə dəyişirlər.

- Çox sevinirlər, hətta çox vaxt göz yaşlarını saxlaya bilmirlər, elə bil onlara həyat bağışlayırsan.

- Onları necə tapırsınız?

- Kastinqdən keçirirəm. Aydın məsələdir ki, heç kim qocalmaq istəmir. Mən bir anlıq da olsa onları kemiş illərinə qaytarıram. 70 yaşında xanım 40 yaşında görünür, 30 il cavanlaşır.

- Bir neçə il əvvəl Azərbaycanda işləyən türkiyəli vizajist Kerimcan Durmaz istaqramda dəbdəbəli həyatı ilə məşhurlaşdı. Onunla münasibətləriniz necədir, tanışlığınız var?

- Yaxşıdır, bu yaxınlarda öz adına çıxartdığı dodaq boyalarından mənə də hədiyyə göndərmişdi.

- Yəqin ki, onun marka xəstəsi olduğundan xəbəriniz var, bütün pullarını bahalı geyimlərə xərcləyir. Siz də bütün geyimlərinizi bahalı markalardan alırsınız?

- Mənə uşaqlıqdan sahib olduqlarımla öyünməyi qadağan ediblər. Bu, bizim ailədə tərbiyəsizlik hesab olunub. Çünki başqasının imkanı olmaya bilər. Anam adicə penalı sinfdə istifadə etməyə vermirdi ki, birdən başqa uşaqlar görər və istəyər. Maşınım da, paltarlarım da Kerimcan Durmazın aldıqlarından bahalıdır. Bəlkə də taxdığım saatdan heç bir şou-biznes nümayəndəsində yoxdur. Sadəcə mən onları sosial şəbəkədə nümayiş etdirməyi sevmirəm. Birində var, birində yoxdur. Odur ki, heç kimi qıcıqlandırmaq istəmərəm.

- Makiyaj ustaları yutubda öz kanallarını açaraq həm tanınır, həm də çoxlu pul qazanırlar. Nə əcəb siz də yutub kanalını açmırsınız?

- Hələ ki düşünmürəm, çünki Avstraliyanın böyük şirkəti ilə müqaviləm var. 2018-ci ilin sonunda, 2019-cu ilin əvvələrində şəxsi kosmetika brendim satışa çıxacaq. Onlardan icazəsiz heç bir addım ata bilmirəm. Kosmetika brendim haqqında çox şeyi açıqlamaq istəmirəm, gələcəkdə görərsiniz.


loading...