Bu yolda təmir nə vaxt yekunlaşır ?

Bu yolda təmir nə vaxt yekunlaşır ?

Bakı şəhər Binəqədi rayonu Mir Cəlal küçəsində aparılan təmir işlərinin yubanması sakinlərdə narazılıq yaradıb. 

XƏBƏRÇİ.AZ Lent.az-a istinadən xəbər verir ki, 9-cu mikrorayonun mərkəzi küçəsində qazılmış ərazilərin hələ də abadlaşdırılmaması, ərazidən qalxan toz insanların narazılığına səbəb olub. Bundan başqa küçədəki avtobus dayanacaqlarının, eləcədə 18, 61, 65 saylı marşrut xətlərinin sonuncu dayanacaq nöqtəsi kimi istifadə etdiyi sahənin qazılaraq yararsız vəziyyətə salınması iritutumlu nəqliyyat vasitələrinin hərəkətinə və sərnişin düşürüb-mindirməsində ciddi problemlər yaradıb.

Sakinərin sayta bildirdiyinə görə, günün müəyyən saatlarında avtomobillə bu əraziyə daxil olmaq ümumiyyətlə mümkün deyil. Yolun qazılmasından sonra doldurulmaması tıxaca, eləcə də, minik avtomobillərinin və avtobusların çirklənməsinə, nasaz vəziyyətə düşməsinə səbəb olur.

Bu ilin əvvəlindən Mir Cəlal küçəsində əsaslı təmir işlərinə başlayan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, işin başa çatdırılmasının yubanması onlardan asılı deyil. Qurumun şöbə müdiri Anar Nəcəfli mediaya açıqlamasında bildirib ki, ərazidəki kommunikasiya xətlərinin yenilənməsi işləri hələlik tam yekunlaşmayıb: “Biz əvvəlcədən aidiyyatı dövlət qurumlarına müraciət etmişik ki, gəlib onlara aid olan işləri görsələr. Əgər tez-tələsik yolu asfaltlayıb təhvil versək, işi keyfiyyətsiz görmüş olarıq. Eyni zamanda yolun ortasında yüksək gərginlikli elektrik xətti keçir və onun yolun altında xüsusi hazırlanmış tunelə keçirilməsi işləri görülür. Vizual olaraq ərazinin görünüşünü pozan iri dirəklər də sökülərək götürülməlidir. Yəni bu işlər tam yekunlaşan kimi biz üzərimizə düşən işi qısa müddətdə keyfiyyətlə görəcəyik”.
 
Qurum rəsmisi əlavə edib ki, Mir Cəlal küçəsində Bakı Nəqliyyat Agentliyi ilə birgə yeni dayanacaqların və yol nişanlarının yerləşdirilməsi də nəzərdə tutulub.
 
Qeyd edək ki, mart ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Mir Cəlal küçəsindəki təmir işlərinin qarşıdakı 2 ayda yekunlaşacağını bildirsə də, ərazidə xeyli iş görülməmiş qalıb.


loading...