Quş, donuz, indi isə it qripi...

Quş, donuz, indi isə it qripi... İnsanlar arasında yeni qrip virusu - it qripi yayıla bilər. ABŞ-ın Maunt-Sinaq Tibb məktəbindən olan tədqiqat qrupu belə bir nəticəyə gəlib. Bir çox hallarda qlobal qrip epidemiyasının yayılmasında donuzlar böyük rol oynayıblar. 2009-cu ildə məlum olub ki, donuzlarda olan virusların geni quşlarda olan virusların geni ilə dəyişib və sonra insanlara keçib. İtlər isə bu zamana qədər bir neçə qrip növünün daşıyıcısı sayılıb ki, onlar da insan üçün təhlükəli olmayıb.   İndi isə vəziyyət kökündən dəyişib. Alimlər Cənubi Çində ev itlərində 16 qrip virusunun genomunu müəyyən ediblər. Onların arasında üç növ təhlükəli qrip bakteriyası da var. Alimlərin fikrincə, itlərdə bu üç növ infeksiyanın yaranması, 2009-cu ildə təhlükəli "donuz qripi”nin yayılmamasından öncə donuzlarda baş verən prosesi xatırladır.   Ekspertlər hesab edir ki, itlərdə qripin yayılmasının qarşısının alınması üçün tədbirlər görülməlidir. Çünki hər ötən il insan üçün daha təhlükəli qrip virusunun genetik kombinasiyasının yaranması riski artır.   Bütün qrip viruslarını A virusunun bir növ modifikasiyası olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə bildirib ki, bu viruslar hər il müxtəlif formada peyda olur. Professorun sözlərinə görə, qrip viruslarının əksəriyyəti hava-damcı yolu ilə yayılır və tənəffüs yollarının kəskin infeksion xəstəliyidir:    "Qrip hazırda bütün dünyada karantin infeksiyalardan biri sayılır. Ümumiyyətlə, qrip virusu ilk dəfə 1930-cu ildən müəyyən edilib. Bu virus A, B, C viruslarını özündə birləşdirir və viruslar müxtəlif variantlarda qrip törədir. A, B, C viruslarının daha çox H, H1, H2, H3 növü yayılıb. Məsələn, ayrı-ayrı dövrlərdə quş qripi, donuz qripi və başqa qrip növləri H1, H2, H3 viruslarının epidemiyası olub, həmçinin bu epidemiyadan çoxsaylı insan tələfatları baş verib. Zamanında H1N1-İspan qripi, H2N2-təhlükəli Asiya qripi, H5N5 -quş qripi, donuz qripi yayılıb.   Qrip epidemiyası özünü müxtəlif cür aparır. Bəziləri orta epidemiya yaradır, yəni müəyyən bir arealda yayılıb lokallaşır, bəziləri isə ağır epidemiya kimi bir neçə qitədə geniş şəkildə yayılır və insanlar arasında çoxlu ölüm halları qeydə alınır”.   A.Qeybulla həmçinin bildirib ki, qripin ortaya çıxması əsasən yuxarı tənəffüs yollarının iltihabı prosesidir:    "Burun axması, halsızlıq, temperatur yüksəkliyi, əzələ ağrıları olanda bunu adətən qrip adlandırırlar, amma həmişə belə deyil. Qrip epidemiya halını alanda Ümumdünya Səhiyyə Təşkilatı əvvəlcədən məlumat verir. Yuxarı tənəffüs yollarının öz infeksiyaları var ki, həmin infeksiyalar fəallaşanda qripə bənzər əlamətlər yaranır.   Qrip epidemiyası baş verən zaman mütləq müəyyən tədbirlər görmək lazımdır. Təbliğat işlərini gücləndirmək, maskalarda gəzmək, yataq rejimini təmin etmək, qripli xəstələrlə təmasdan yayınmaq - bütün bunlar epidemiyanın qarşısını xeyli alır. Bundan başqa qrip vaksinləri var, lakin təəssüflər olsun ki, vaksinlər yeni stereotiplərə uyğun deyil. Ona görə də həmişə bu vaksinlər fayda vermir. Bu məsələdə dövlət müəyyən tədbirlər görməlidir, kütləvi informasiya vasitələri ilə ortaq təbliğat işləri aparılmalıdır”.

 

 

 


loading...