Zərərli olduğu deyilən plastik qablar niyə satılır?

Zərərli olduğu deyilən plastik qablar niyə satılır?

Məişətdə ən çox istifadə edilən plastik qablar, polietilen torbalar insan sağlamlığına və təbiətə ziyan vurduğu üçün ictimaiyyəti artıq narahat etməyə başlayıb. XƏBƏRÇİ.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə narahatlığını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da sosial şəbəkədə dilə gətirib.

O, problemlə bağlı yazdığı statusda qeyd edib ki, paytaxtdakı bəzi kafelərdə çay və kofe plastik stəkanda verilir: “Bəllidir ki, bu da orqanizmə mənfi təsir göstərir. Şüşə, kağız və karton qablaşdırmaya qayıtmaq lazımdır. Plastik və polietilen torbalardan istifadə dayandırılmalı, həmçinin bu qablardan imtina edilməlidir. Bu daha sağlam üsuldur və təbiətə də zərər vurmur”. 

İradə İbrahimova

İ. İbrahimovanın statusu marağa səbəb olub və bir çox şəxslər məsələyə öz münasibətini bildirib. 

Ekspert Samir İsmayıl vurğulayıb ki, dünyanın 50 ölkəsi plastik tullantıların azaldılması üzrə müxtəlif addımlar atır: “BMT-nin indiyə kimi yaydığı ən böyük hesabatda bu məlumat yer alıb. Bəzi şəhər və ölkələrdə plastik qablardan istifadəyə ümumiyyətlə, qadağa qoyulub. Hesabatda o da deyilir ki, indiyə kimi görülən işlər çox azdır. Plastik tullantılar idarə olunmasa (təkrar emala göndərilməsə), çaylar və dənizlər təbii yolla həll olunmayan zibillə dolacaq. Plastik tullantılar bu gün kanalizasiyaları tutmaqla yağışlar zamanı daşqınlar yaradır. Həmçinin heyvan ölümünə səbəb olur. Bu günlərdə Tailand sularında ölən balinanın qarnından 8 kilo (80 ədəd plastik paket) çıxıb”. Onun sözlərinə görə, Azərbaycanda da plastik qablardan istifadə olunur və marketlərdə pulsuz verilir: “Bu qablar vergiyə cəlb olunmur. Plastik tullantılar yığılmır. Xatırlayırsınızsa, sovetlər dönəmində plastik paket də defisit idi və yalnız tanışlıqla gizlin satılırdı. Onu hər dəfə yenidən istifadə etmək üçün hətta yuyub paltar ipində qurudurdular. Amma indi öz paketi ilə marketə gələnlərə şübhəsiz ki, heç yaxşı baxmazlar”.

Samir İsmayıl

Müzakirəyə qoşulanlar bu məsələdə daha çox Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ictimaiyyətin üzərinə iş düşdüyünü vurğulayıblar. 

“Qafqazinfo” bu məqsədlə Ekologiya və Təbii Sərvərlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova ilə əlaqə saxlayıb. O qeyd edib ki, bu gün də tullantı formasında olan plastik qablar, polietilen torbalar məsələsi gündəmdədir: “Biz də son dövrlər bu tullantılların ətraf mühitdə və eləcədə tullantı məntəqələrində artdığını müşahidə edirik. Bu gün polietilen torbaların, plastik qabların istehsalının qarşısının alınması da mümkün deyil. Lakin bu istehsal sahəsində yeni texnologiyaları tətbiq etməklə daha zərərsiz növlərini istehsal etmək olar ki, bunlar da dünya praktikasında tətbiq edilir. Biz bilirik ki, polietilen torbalar, plastik qablar insan sağlamlığına zərər vurduğu kimi bir o qədər də ətraf mühitə ziyan vurur. Bunlar ətraf mühitin çirkləndirilməsinə bir faktor kimi təsiri böyükdür. Polietilen qabların, torbaların uzun müddət, yəni, on illərlə təbiətdə parçalanması dövrü gedir. Çünki polietilen sintetik bir maddədir. Ona görə onun təbiətdə parçalanması zamanı onun tərkibində olan kimyəvi maddələrin  ayrılması ilə müşahidə olunur. Bu proses passiv şəkində getsə belə onun fəsadları təbiətdə sonradan  hiss olunacaq. Ona görə də polietilen torbaların, o cümlədən plastik qablaşdırma tullantılarının  ətraf mühitə və insan sağlamlığına zərərli təsirləri və onların düzgün idarə olunması ilə bağlı birgə maarifləndirici tədbirlər həyata keçirilməlidir. Məsələn, süpermarketlərdə hər bir şeyi polietilen torbaya qoyub alıcıya verirlər.  Bu qida və ya yaxud  sənaye məhsulu da ola bilər. Bunlar artıq izafi xərc deməkdir. 

Mətanət Avazova

Sadəcə, təklif edirik ki, marketlərdə xaricdə olduğu kimi bu məhsullar pulla satılsın.  Əhali bunun maddi tərəfini hiss etsə təbii ki, o özü ilə daimi olaraq bir çantanın və ya  zənbilin daşınmasında maraqlı olacaq. Çünki hər dəfə pul verib  torba  almaq ona ziyan vuracaq. Bu  istiqamətdə biz maarifləndirmə aparmalıyıq”. 

Nazirlik rəsmisi bu məsələdə mövcud qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olduğunu açıqlayıb. 

O bildirib ki, eləcə də ölkə ərazisində bu tullantıların yəni polietilen torbaların, plastik qabların qəbulu məntəqələrinin təşkil edilməsi də vacibdir: “Bu məhsulun təkrar emal kimi yenidən dövriyyəyə qaytarılmasıdır”.

Sonda onu qeyd edək ki, bu mövzuda insanları ən çox narahat edən məsələ qida məhsullarının plastik qablarda qablaşdırılmasıdır. Demək olar ki, marketlərdə süd məhsullarından tutmuş bir çox əlavə qida məhsullarına qədər əksər malların satışı bu yolla həyata keçirilir. Mətbəximizi  bir-birindən fərqli və rəngarəng formada olan plastik qablar bəzəməkdədir.  Hər gün istifadə edilib zibilliyə tullanan plastik torbaların sayı-hesabı yoxdur. Ona görə də insanlar özü birbaşa olaraq öz sağlamlıqlarını və ətraf mühiti qorumaq üçün tədricən bu məhsullardan istifadədən imtina etməlidir.

 
loading...