Bayramda daha çox bazardakı qiymətlər bayram edir

Bayramda daha çox bazardakı qiymətlər bayram edir

Baharın carçısı olan Novruz bayramına artıq bir gün qalıb.

Novruz qədim xalq bayramı olduğu üçün ölkəmizdə xüsusi təmtəraqla qeyd olunur. Qadınlar növbənöv şirniyyatlar, yeməklər bişirir, buğda qovurur, səməni becərir, yumurta boyayır, bayram süfrəsi hazırlayırlar. Qədim inanclara görə, süfrədə bol naz-nemət olmalıdır, əsas da “S” hərfi ilə başlayan 7 təam. Bu hər nə qədər gərəklidir bilmirəm, ancaq buna əməl edən çox sayda insan görmüşəm. Gecəyarısına doğru ailə üzvlərinin sayına görə şam yandırmaq, səmənini axar suya atmaq, evdə ancaq xoş sözlər danışmaq kimi maraqlı ənənələri də var, Novruzun.

Bayram şirniyyatlarından hamımızın bildiyi kimi paxlava, şəkərbura və qoğal ən məşhurlarıdır. Onlarsız bayramı təsəvvür edə bilmirəm. Bu ayrılmaz üçlüyün bayram süfrəsində olması mütləqdir. Qoz-fındıq, çərəzlər də ki, öz yerində.

Hər şey gözəldir, əladır amma bir qiymətlərdən başqa. Bazardakı qiymətlər, şablon ifadə olsa da, sözün əsl mənasında elə həqiqətən od tutub  yanır.

Məsələn, elə başlayaq səmənidən. Bakıda bilmirəm, amma rayon yerlərində səmənini insanlar özləri becərir. Uşaqlığı kənddə keçənlər bunu daha yaxşı bilirlər. Bir qaba təmizlənmiş buğda töküb, üzərinə az miqdarda su əlavə edirdik. Ya da yaş əski sərirdilər. İlk çərşənbədə əkilən səməni bayramda artıq boy atırdı, bildiyimiz səməni formasını alırdı. İndi bir çox nəsnələr kimi bu da dəyişib, ya da şəhərdə əzəldən belədir – hazır, becərilmiş səmənilər alınır. Bazarda bu səmənilərin qiyməti isə ölçüsünə görə dəyişir: 1-15 AZN civarında.

Meyvələrin qiymətində mövsümlə əlaqədar bir artım olursa, bayram qabağı və bayram günlərində bu artım kəllə çarxa çıxır.

Üzümlərin qiyməti 7-8 AZN, çiyələk 12-15 AZN, portağal 3-5 AZN, naringi 4-5 AZN, armud 4-5 AZN, alma 2-3 AZN, nar 6 AZN, ananas 7 AZN, banan 3,5 AZN, kivi isə 2-3 AZN-dir.

Fındıq və qozun qiyməti qabıqlı və qabıqsız olmağına görə müəyyələnləşir. Qabıqlı qoz 5-12 AZN, fındıq 10-15 AZN-ə satışa çıxarılıb.

Qabıqsız qozun qiyməti 8-25 AZN, fındığın isə 10-18 AZN civarındadır.

Bayram süfrəsinin əsas elementlərindən olan çərəzlər 5-15 AZN-ə satılır.

Məclislərin şahı plovun bəzəyi sayılan şabalıdın qiyməti 11-15 AZN-dir. Kişmiş 6 AZN, turşu 6 AZN, qaysı 8 AZN-ə alıcılara təqdim olunur.

Pomidorla xiyarın qiymətində elə bir dəyişiklik yoxdur. Mövsümi olaraq qiymət 3.5-4 AZN-dir. Xırda pomidor isə nisbətən bahadır, 7 AZN.

 

Kənd toyuğunun qiyməti də dəyişməyib, dənəsi 5 AZN. Kənd hinduşkaları 11-15 AZN-ə satışa çıxarılıb.

Balıqların qiyməti də ərzaq məhsulları kimi növünə görə dəyişir. 5-35 AZN civarında bazarda balıq tapa bilərsiniz. (primetime.az)


loading...