Bayılda 4 evin uçduğu 7 hektarlıq ərazi sürüşür - Əziz Qaralov

Bayılda 4 evin uçduğu 7 hektarlıq ərazi sürüşür - Əziz Qaralov

Bayıl yamacında 4 evin uçduğu sürüşməyə meyilli ərazi təqribən 7 hektardır.

Xəbərçi.az bildirir ki, bu barədə publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. O bildirib ki, bir neçə il əvvəl, hələ 2004-cü ildə Bayılda sürüşməyə meyilli olan təhlükəli ərzilərin sərhədləri müəyyən edilib:

“Dekabr ayından başlayan aktiv sürüşmələr məhz həmin sərhədlər daxilində qeydə alınıb. Bu gözlənilirdi. Hazırkı sürüşmə prosesi də 7 hektarlıq sahəyə düşür. Lakin, sərhədləri müəyyənləşdirilən bütün ərazilərdə aktiv sürüşmə qeydə alınmayıb. Xüsusi mayaklar qoyduğumuz sahələrdə biristiqamətli bloklar ayrılıb. Sürüşmələr həmin istiqamətdə dərəyə doğru qeydə alınır".

Əziz Qaralov onu da qeyd edib ki, artıq "Teleqüllə"nin yaxınlığında da çoxsaylı və çoxistiqamətli çatlar yaranıb:

"Daha əvvəlki çatlarla müqayisədə bu dəfə onların dərinliyi çoxdur. Təxminən 10-12 metr dərinlikdə çatlar yaranıb. Eni 1-2 metrə yaxın qopmalar da var. Hazırda ərziyə daxil olmaq risklidir. Ona görə, dediyimiz rəqəmlər dəqiq yox, nisbi ölçülərdir. Onların dəqiq ölçülərini müəyyən etmək üçün sürüşmə prosesinin passivləşməsini gözləyirik".


loading...