"Eurovision"da səsvermə qaydaları dəyişdi - Hər ölkə öz təmsilçisinə səs verəcək

"Eurovision"da səsvermə qaydaları dəyişdi - Hər ölkə öz təmsilçisinə səs verəcək

İctimai Televiziya və Radio Yayımları Şirkəti bu il sayca 15-ci olan "Uşaq Avroviziya-2018" ilə bağlı səsvermə qaydalarını izah edən video-çarx yayımlayıb.

Xeberci.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən  verilən məlumata görə, "Uşaq Avroviziya" mahnı müsabiqəsi fəaliyyətə başlayan gündən səsvermə qaydaları hər il dəyişdirilib.

Yeni qaydalara əsasən isə, artıq hər ölkə öz təmsilçisinə səs vermək hüququna sahibdir. Belə ki, müsabiqədən öncə, noyabr ayının 23-də saat 19:00-dan etibarən www.junioreurovision.tv və www.jesc.tvsaytlarından tamaşaçıların onlayn səsverməsi reallaşacaq, daha sonra isə müsabiqə günü səsvermə müvəqqəti olaraq dayandırılacaq.

Final günü sonuncu iştirakçının ifasından sonra isə, səsvermə 15-30 dəqiqə ərzində yenidən aktiv olacaq, daha sonra həmin səslər müsabiqənin səs hesablayan heyətinə təqdim ediləcək. Onlar bu səsləri ballara çevirərək nəticəni lövhədə nümayiş etdirəcək, yekunda isə həmin ballar münsiflər heyətinin səsverməsinə əlavə ediləcək.

Yayımlanan video-çarxda da səsvermə haqqında ətraflı təlimat yer alıb. Bir daha qeyd edək ki, səsvermə zamanı toplanan səslər münsiflər heyətinin səs aktivinə əlavə olunacaq. Odur ki, vətəndə və xaricdə yaşayan soydaşlarımızı Azərbaycanı təmsil edən iştirakçımız Fidan Hüseynovaya dəstək olmağa səsləyirik.

Xatırladaq ki, Belarusun paytaxtı Minsk şəhərində reallaşan "Uşaq Avroviziya-2018"də 20 ölkənin təmsilçisi birincilik uğrunda mübarizə aparacaq. Ölkəmizi bu mahnı müsabiqəsində "Sənin kimi olmaq" adlı mahnı ilə, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"nda yer alan Fidan Hüseynova təmsil edir.

"Sənin kimi olmaq" - ("I wanna be like you") adlanan mahnının müəllifi tanınmış bəstəkar İsa Məlikov və ifaçı Fidan Hüseynovadır, musiqinin söz yazarları isə Azərbaycan dilinə dair Aytən İsmixanova, ingilis dilində isə Elvira Miçiyevadır.


loading...