Prezident İlham Əliyev Tərtər rayonunda səfərdədir - YENİLƏNİB - FOTOLAR

Prezident İlham Əliyev Tərtər rayonunda səfərdədir - YENİLƏNİB - FOTOLAR

Noyabrın 28-də Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışı olub.

Xəbərçi.az azərtac-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, son illər yol infrastrukturunun yenilənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər ilk növbədə Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələr sırasında Tərtər-Seydimli-Qaradağlı-Sarov marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən respublika əhəmiyyətli Goranboy-Tərtər avtomobil yolunun tikintisi layihəsi xüsusi əhəmiyyət daşıyır.

"Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, uzunluğu 29,5 kilometr olan Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu üçüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı, hərəkət hissəsinin eni 8 metr olan yol inşa edilərkən 39,7 min kubmetr torpaq işləri görülüb, müxtəlif diametrli suötürücü borular tikilib, 14 avtobus dayanacağı yaradılıb. Bundan əlavə, yol üzərində işıq dirəkləri quraşdırılıb, yol nişanları və göstərici lövhələr yerləşdirilib. Yolun 17-ci kilometrliyində İncəçay çayı üzərində uzunluğu 34,8 metr, eni 10,5 metr olan körpü inşa edilib.

Prezident İlham Əliyevin bu ilin iyulunda imzaladığı Sərəncama əsasən tikilən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirir.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

----------

11:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Tərtər rayonuna səfərə gəlib.

Xəbərçi.az azərtac-a istinadən bildirir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda son vaxtlar yenidənqurma və abadlıq işləri görülüb, əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.

X X X

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib.

Xəbərçi.az azərtac-a istinadən bildirir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ötən il muzey üçün yeni binanın inşasına başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri artıq başa çatdırılıb. İkimərtəbəli binada iki ekspozisiya zalı var. Bu zallarda "Təbiət", "Arxeologiya", "Qafqaz Albaniyası", "Orta əsrlər", "Misgərlik", "XIX əsr", "Azərbaycan milli geyimləri", "Ənənəvi ev", "Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrü", "Azərbaycan müstəqillik dövrü", "Qarabağ münaqişəsi" adlı bölmələr qurulub. Burada, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtər rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb.

Muzeydə ümumilikdə 2000 eksponat var ki, onlardan 250-si ekspozisiya zalında nümayış olunur. Bütün bunlar onu göstərir ki, ölkədə muzey işinin təşkilində əhəmiyyətli uğurlar qazanılıb. Gənc nəslin tarixi keçmişimizə maraq göstərməsini təmin etmək, onların vətənpərvərlik ruhunda tərbiyəsi baxımından muzeylərin böyük rolunu nəzərə alaraq bu sahədə tədbirlərin daha da gücləndirilməsinə xüsusi diqqət göstərilir. Bu məsələdə Tərtər Tarix-Diyarşünaslıq Muzeyi mühüm rol oynayır. Muzeydə 40 yerlik konfrans zalı, elmi araşdırmalar şöbəsi üçün otaq da yaradılıb.


loading...