““Nisyə dəftəri”mi atmışam, haqqımı yedilər” - VİDEO

““Nisyə dəftəri”mi atmışam, haqqımı yedilər” - VİDEO

Onu hər zaman şən əhval-ruhiyyədə, üzündən əskik olmayan təbəssümü ilə görməyə öyrəşmişik. Yeri və zamanından asılı olmayaraq həm özü güləcək, həm də ətrafındakıları güldürməyi bacaracaq. Düz bir il əvvəl müsahibə üçün sözləşsək də, söhbət üçün gün təyin etmək bu günlərə qismət oldu.

Çox gülən insanlarım ürəyi dolu olur deyirlər. Həmsöhbətim cavabları ilə bunu tam təsdiqlədi.

Xəbərçi.az əlimyandıya düşən bütün məşhurların əsas pənah yeri modelyer, stilist Elnarə Bəkirovanın qafqazinfo.az-a müsahibəsini təqdim edir:

- Elnarə Bəkirova brendi necə yarandı?

- Universiteti bitirdikdən sonra fikirləşdim ki, xanımlarımız üçün ölkəyə zövqlü geyimlər gətirə, onları geyindirə bilərəm. Beləliklə, 9 il bundan öncə butik açdım və hazır geyimlərin satışına başladıq. Moda sektorunda fəaliyyətim uğurlu alındı. Belə olan halda düşündüm ki, niyə öz brendimi yaratmayım? Ona görə də, Türkiyədə təhsil aldıqdan sonra modalar evimi açıb yeni bir brend yaratdım. Daha sonra təşkil etdiyimiz dəfilədə Elnarə Bəkirova brendi olaraq imzamızı atmış olduq. 

- Ölkəmizdə geyim sektoruna maraq böyük olsa da, irəliləmək, uğur qazanmaq elə də asan deyil. Çətinliklər və əsas dəstəyiniz nə oldu?

- Çətinliklər hər bir işdə var. Bu sektor elədir ki, mən bu gün filan geyimi gətirib müəyyən qədər gəlir əldə edə bilirəmsə, mütləq qonşu butik də həmin firmanı tapıb o geyimi gətirəcək. Bununla da böyük rəqabət yaranır. Hiss etdim ki, hazır geyim satışında bəzi axsamalar var və ona görə də, o sektordan müəyyən qədər uzaqlaşıb geyimlərimi özüm dizayn etməyə başladım. Hər kəsin öz zövqü və istəkləri var, bu da yerli istehsalda inkişaf etməyə şərait yaradır. Burada iki amil əsas rol oynayır: PR və ideya. Sənin hər zaman möhtəşəm ideyaların olmalıdır ki, müştərilərinin zövqünü oxşaya biləsən. Bu iki nüans bir-birini tamamladığı təqdirdə sadəcə ətrafdakı dost-tanış yox, həm də kənardan müştəri cəlb edə biləcəksiz. Hazırda moda evi olaraq ölkəmizdə özümə rəqib görmürəm. Ancaq bu, o demək deyil ki, heç kimin işini bəyənmirəm və rəqib görmürəm. Çox gözəl gənc modelyerlərimiz var. Sadəcə hər kəsin öz dəsti-xətti olduğu üçün müştərisi də fərqlidir. İzlədiyim bir-iki modelyer var ki, onların işlərini çox bəyənirəm və uğurlarına sevinirəm. 

- Ətrafınızda daha çox müğənniləri görürük. Bu, onlarla əvvəlcədən yaxın olmağınızla bağlıdır, ya bayaq dediyiniz kimi PR xarakteri daşıyır?

- Bu sahəyə gələndə məşhurların heç biri ilə nə əlaqəm var idi, nə də hər hansı bir tanışlığım. Sadəcə Xatirə İslamla tanış idik, o da geyimlərimi bəyənmişdi, daha sonra tanış olmuşduq. Yavaş-yavaş digər məşhurlar, onların prodüserləri də əlaqə saxlamağa başladı. Düzdür, belə deyəndə müğənnilərimiz məndən inciyir, ancaq öz geyimlərimlə şou-biznes əhlinin diqqətini cəlb etdikdən sonra elə bir müğənni olmayıb ki, mən ona zəng vurub geyimimi geyməsini istəyim. Bircə dəfə Röya Ayxana geyim göndərmişəm, vəssalam. Qalan hamı özü müraciət edir. Sağ olsunlar, bu, həm də mənim üçün böyük fəxrdir. Mən həm də stilist kimi fəaliyyət göstərdiyim üçün onlara asan olur. Hazırda da işlədiyim müğənnilər var. Səidə Sultan, Zümrüd Qasımova və bir çox məşhur simanı geyindirirəm və onların PR-ının da çox böyük əhəmiyyəti olduğunu dana bilmərəm. 

“Yəqin, bir gün özləri başa düşüb pulumu gətirib verərlər”

- Çox qalın bir “nisyə dəftəri”nizin olduğunu eşitmişdim. O qara dəftərin axırı noldu? Borclarınızı yığa bildiz?

- Bəlkə o dəftərləri atdığımı deməyim? (gülür) Artıq söz-söhbət istəmirəm, bağlamışam o dəftərləri. Təbii ki, orada mənim halal zəhmətlərim var idi. Belə deyim, haqqım olan yeyildi. Çox üstünə getməyəcəyəm, ad da çəkməyəcəyəm. 3 il müddətində ödənilməyən borc sadəcə olaraq məsuliyyətsizlikdən irəli gəlir. Əvvəl düşünürdüm ki, imkanları yoxdur, sonradan gördüm ki, bu, belə deyil. Yəqin bir gün özləri başa düşüb pulu gətirib verərlər. 

- Məşhurlar göz yormamaq üçün gündəlik olaraq geyimlərini dəyişmək məcburiyyətindədir. Hətta üst-üstə iki dəfə efirə eyni geyimdə çıxmaları belə diqqətdən yayınmır. Bu da izləyicilərdə həmişə bir sual yaradır: Hər gün yeni geyim alırlar, yoxsa günlük icarəyə götürürlər?

- Özünə ulduz deyən hər kəsin xüsusi qarderobu olmalıdır. Yalnız ondan sonra moda evlərinə, stilistlərə müraciət edə bilərlər. Bu, dünya praktikasıdır. Ancaq bizdə çox az müğənni tanıyıram ki, öz qarderobu var və geyimləri pulla alır. Reklam üçün hər butikə baş çəkən, onlayn mağazalardan belə geyinən müğənnilərimiz var. 

- Keyfiyyətinə görə deyirsiniz, ya ucuzluğuna görə?

- Qiymət fərqi yoxdur. Demirəm ki, mütləq brend geyinməlidirlər, ancaq ən azından öz adlarına layiq libaslar seçməlidirlər. Son illər nəinki efir, instaqram üçün belə libas seçilir. Məşhur şəxslərin hər gün eyni paltarda paylaşım etməsi düzgün deyil. Deyəcəklər, bəlkə imkanı yoxdur? Onda hər saat şəkil paylaşmasın. Qısaca: bu, belədir. Bəzən deyirlər ki, mən sadəyəm, ona görə bu geyimlərə üstünlük verirəm. Sadəlik gözəldir, sadə bir koftada da gözəl görünmək olar. Ancaq sadəliklə zövqsüzlüyü qarışdırmaq olmaz.

- Bəs geyimlərini bəyənmədiyiniz şəxslərə iradınızı bildirirsiz, ya inciklik yaratmasın deyə sadəcə baxıb keçirsiz?

- Düzü, əvvəl çox deyirdim və heç inciklik yaradacığını düşünmürdüm. Bir dəfə dəb verilişində fikirlərimi bildirdim və çox sərt reaksiyalar gördüm. Onda bildim ki, bizdə fikir azadlığı yoxdur. Ona görə də daha ad çəkmirəm. Ancaq ümumi götürdükdə şou-biznesdə 60-70 %, bəlkə bir az da çox qadın müğənnilər yaxşı geyinmir. Simiclik edib stilistlərə də müraciət etmirlər. 

- Geyimini bəyəndiyiniz tanınmışlar kimlərdir?

- Son zamanlar Tünzalə Ağayevanı çox bəyənirəm. Aygün Kazımovada qəlibləşmiş tərz var. Faiq Ağayev qeyri-adi geyimlərə üstünlük verir, ancaq daşıya bilmir. Səidə Sultan, Zamiq Hüseynov, Ədalət Şükürov... Verilişlərin birində Ədalət Şükürova zövqsüz demişdim. Sonra onunla üz-üzə gələndə ilk dəfə idi ki, dediyim sözdən özüm utanmışdım. Bahalı geyimlərə üstünlük verdiyini bilirdim, ancaq belə diqqətlə seçdiyini yox. 

- Bəs modalar evinizdə qiymətlər necədir? Ətrafda çox fərqli parçalar görürük, maraqlandım, əl işləməsi olduğunu dedilər. Yəqin ki, ucuz olmaz.

- Ən bahalı parçamızın metri 350 manatdır, ən ucuzu isə 50. Digər moda evləri ilə müqayisədə dollar, avro ilə satmırıq. 

- Belə bir anlayış var ki, baha olan daha yaxşıdır. Bu, fəlsəfə son zamanlar modelyerlər arasında da yayılıb ki, nə qədər baha qiymət deyilsə, o qədər çox sifariş olar. 

- Elədir, bunu da insanlar yaradır. Bəzən elə bir geyim göstərirlər ki, digər moda evlərində ona 3-4 min qiymət deyilib. Bizdə min manat deyəndə təəccüblənir. Ancaq bilmirlər ki, hamımız eyni yerdən parça alırıq. Sadəcə olaraq insanlar düşünür ki, qiymət bahadırsa, orada dərzilər çox yaxşı ola bilər, daha səliqəli iş görülür. Ancaq elə deyil. Biz də 15 minə paltar tikə bilərik, ancaq mən onun əleyhinəyəm. Gəlinliyinə 20 min verən müştərimə həmin qiymətə Zuhair Muradın özündən paltar almağı məsləhət görərəm. Bu da yəqin xanımlarımızı pullarının çox olub, ancaq düşünə bilməməklərindən irəli gəlir.

- Bəs elit təbəqədən işlədiyiniz şəxslər varmı? Zənginlərin kaprizləri nələr olur? 

- Təbii ki, kaprizlər var. Uzun müddət brend geyinmiş şəxslərin tikişdən də başı çıxır, paltarın kəsimindən də. Onlar moda evlərinə müraciət edəndə hər zaman öyrəşdiyi rahatlığı tapmaq istəyirlər. Düzdür, bir zaman fikirləşirlər ki, bu qədər pulu geyimə tökmək olmaz, bir az ucuz tikdirmək daha məqsədəuyğundur. Ancaq bir dəfə tikdirib sonra üzlərini çevirib gedirlər. Çünki qiymətindən asılı olmayaraq onlar o mühitə, rahatlığa öyrəşiblər.

“İnsanın əynində hansısa brend geyim olanda özgüvəni çox olur”

- Ümumiyyətlə, geyimə yüksək məbləğlərin verilməsi doğrudurmu?

- Olan yerdə geyinsinlər. Psixoloji bir durum var ki, insanın əynində hansısa brend geyim olanda özgüvəni çox olur. Halbuki sadə kofta, ayaqqabıdır. Bunu özümdə də hiss etmişəm. Hərdən çox sadə paltarlar kifayət qədər yüksək qiymətə alınır. Hərdən xanımlarımız o geyimlərə baxıb deyirlər ki, ondansa “talkuçka”dan alınsa daha gözəl olardı. Ancaq bilmirlər ki, o pul sadəcə marka adına və yaxud paltarın biçiminə görə verilir. Məsum, xanım-xatun bir görünüş qazandırdığı üçün alınır. 

- Bəs izlədiyiniz və xüsusi bəyəndiyiniz xanımlarımız var?

- İzlədiklərim çoxdur və bəyəndimsə, başqaları kimi baxıb ötmürəm, mütləq “like” edirəm. Ziya Məmmədovun gəlini Fəridə Məmmədovanın zövqünü çox bəyənirəm. Bir şeyi müşahidə etmişəm, son zamanlarda xanımlarımız Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tərzində qiyafələrə daha çox üstünlük verir. Əsas da məmur və yuxarı zümrənin xanımları. 

- Bəs, tanınmış modelyer olmaq üçün sadəcə qabiliyyət kifayət edir? Arxa, “day-day” lazım deyil ki?

- Bu day-day söhbətləri həqiqətən çox ağır məsələlərdir. Qabiliyyəti varsa, gedəcək. Hər işdə belədir: istək varsa, alınacaq. Bəlkə də ilk vaxtlar az pul qazanacaq, ancaq sonradan öz yerini tapacaq. Çox az vəsaitlə də başlamaq olar. Düşünməsinlər ki, buraya 100 min, 50 min pul qoyulur. Mən özüm butik açanda 10 minlə başlamışam. 

- Belə bir şey eşitmişəm ki, Azərbaycanda modelyer olmaq istəyən gənclərə şərait yaradılmır. Onların eskizləri ucuz qiymətə alınır və tanınmış modelyerlərin kolleksiyalarına əlavə olunur. 

- Nə yalan deyim, bizim sektorda elə şeylər görməmişəm. Çünki artıq texnologiya, internet əsridir. Hazırda gənclər sosial şəbəkələrdən çox yaxşı istifadə edir. O vaxt cəmi bir neçə nəfər var idisə, indi bir aya moda evi açan adam tanına bilər. Bəlkə də uşaq vaxtı baxıb ki, o da Leyla Əhmədova, Fəxriyyə Xələfova kimi olmaq istəyər. Ancaq sırf bu sektora daxil olanda görəcək ki, hərənin öz yolu, dəsti-xətti var. Hərənin özünəuyğun müştəri bazası var. 

- Leyla Əhmədova demişkən, bu il modelyer çox ağır günlər yaşadı. Modalar evinin sahibiylə problemləri oldu, qaranlıq ofisdə qapısı bağlı qaldı, aclıq aksiyası elan etdi. Bir qadının təkbaşına belə mübarizə aparmasını necə qiymətləndirirsiz?

- Mən o videoları izləyəndə çox pis oldum. Ona müraciət edirdilər ki, aksiyanı dayandırsın, uşaqları onu gözləyir. Yəqin ki, ana olduğumdandır, bu cümlə mənə çox təsir etdi. O hadisənin pərdəarxasında nələrin baş verdiyini heç birimiz bilmirik. Bəlkə də mənim bu məsələyə münasibət bildirməyim düz çıxmaz, ancaq qıraqdan baxan biri kimi deyirəm ki, mən bu qədər getməzdim. Uşaqlarıma görə, aclıq elan etməzdim. Çünki bu, uşaqlar üçün böyük travmadır. Leyla xanıma böyük hörmətim var, yəqin ki, orda böyük əməkləri olub və haqqını ala bilmədiyi üçün son çarə bu yola əl atıb. Qadın olaraq dəstəkləyirəm, ancaq ana olaraq yox. 

- Bütün problemlərə baxmayaraq Leyla xanım sonuna kimi mübarizə apardı və nəticədə qalib gəldi. Ancaq sizin üçün valideynlik peşənizdən daha öndədir, elə deyilmi?

- Mənim üçün hə. Uşaqlarımın psixologiyasına təsir edəcək hər şeylə bağlı qərarım belədir. Bu, çox sevimli işim, həyatımdakı şəxs, ən əziz adamım üçün də keçərlidir. Uşaqlarım üçün hamıdan imtina edə bilərəm. Onsuz da xeyli dost dediyim şəxslərdən də uzaqlaşmışam. Mənim üçün artıq sadəcə övladlarım və ailəm var.

- Dostlarınızdan niyə uzaqlaşmısınız?

- Ətrafım, qız tanışlarım həddindən artıq çox idi və yaydan bəri mən onları ələkdən keçirməyə başladım. İndi 3-4 bacı saydığım insanları saxlamışam, ətrafımda bircə onlar qalıb. Nənəm həmişə deyirdi, “rəfiqə yıxan evi, heç kim yıxa bilməz”. Həqiqətən beləymiş. Qulağıma hər dəfə nəsə çatdıqca, qərarımın nə qədər doğru olduğunu görürəm. Evimdə çörək yeyən, həyatı bilən adamlar kənarda nələr danışarmış, ilahi. 

- “İnsan işində uğur qazandıqca, ətrafındakıların sayı azalır”, - deyirlər.

- Çox gözəl qeyd etdiz, həmişə qınayırdım, başıma gəldi. Bir az vəzifəsi artan adam belə edəndə deyirdik, buna bax, pullanıb adam saymır. Amma elə deyilmiş, insanlar özləri məcbur edirmiş. Uğur qazandıqca, doğma bildiyin insanların sənə qarşı necə tərs çöndüyünü görürsən. 

- Onda belə başa düşdüm ki, həyata hərtərəfli tək davam etmək qərarına gəlmisiz...

- Bəli. Təklik daha çox uğura, daha yüksəyə aparır.

- Sizi hər zaman gülərüz, şən görməyə öyrəşmişik. Bu, xoşbəxtlikdən irəli gəlir?

- Bəzən gülüşlər yalançı olur. Mən çox gülən insanam, hətta ağlayanda da gülə bilirəm. Amma hər şey göründüyü kimi deyil. İnsanlara neqativ ötürməmək üçün belə edirsən, sonda da sənə bəxtəvərlik oxuyurlar. Hamının problemləri olur. Mənim özümün də son zaman çətinliklərim olub, amma düşünürəm ki, bunların hamısı ötüb keçəcək. Bunlardan da keçəcəyəm. 


loading...