ATV-dən ayrılan Eldəniz Vəliyev: - "İstəyirəm ki, onlar davam etsinlər..."

ATV-dən ayrılan Eldəniz Vəliyev: - "İstəyirəm ki, onlar davam etsinlər..." Ötən gün ATV kanalının redaktoru, tanınmış teleaparıcı Eldəniz Vəliyev işdən ayrılıb. Eldəniz Vəliyev əsasən “ATV Səhər” verilişinin redaktoru kimi çalışırdı. Xəbərçi.az mətbuat.az-a istinadən bildirir ki, işdən ayrılması ilə bağlı ilk dəfə açıqlama verən jurnalist qeyd edir ki, 3 il çalışdığı şirkət onun üçün çox doğma olub:   “2 il ərzində Azərbaycan teleməkanında ən peşəkar bir kollektiv formalaşdırdım. İndi məni onların taleyi maraqlandırır. Sadəcə istəyirəm ki, onlar davam etsinlər. O kollektivin görə bilməyəcəyi televiziya işi yoxdur. Elə yeni rəhbərlikdən də tək xahişim odur ki, onlara fəaliyətlərini davam etdirmələri üçün şərait yaratsın. Özümə görə isə üzülmürəm. Ciddi bir iş təklifi almışam, amma hələ 5-10 gün dincəlmək istəyirəm”.   Xatırladaq ki, Eldəniz Vəliyev ATV-dən öncə APA TV-nin baş direktoru vəzifəsində çalışıb. APA TV-nin qurucularından biridir.   Qeyd edək ki, jurnalist işdən ayrılması ilə bağlı "Facebook" hesabında məlumat vermişdi: “ATV ilə yollarımız ayrıldı. 3 il çalışdığım bu şirkət mənim üçün çox doğma olmuşdu. Amma pis olmadım. Çünki heç bir şeyin daimi olmadığını lap çoxdan anlamışam. Əsas olanı odur ki, vicdanla işlədim, ləyaqətimi hər şeydən və hər kəsdən uca tutdum. Sakit gedirəm, hər zamankı kimi... Yemək yediyim qaba tüpürənlərdən (üzr istəyirəm) deyiləm. Üzərimdə haqqı olanlardan halallıq, bilməyərəkdən incitdiklərimdən (əyər incitmişəmsə) bağışlanmağımı istəyirəm!”.

 


loading...