Ağdaşda 17 yaşlı oğlanın qətlinin ŞOK SƏBƏBİ - YENİLƏNİB

Ağdaşda 17 yaşlı oğlanın qətlinin ŞOK SƏBƏBİ - YENİLƏNİB

16:00

Ağdaşda rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
 
Xəbərçi.az
apa-ya istinadən məlumat verir ki, bu gün səhər saatlarında Ağdaş şəhərinin Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı əslən Ağdaş rayonundan olan və Bakıda yaşayan 2000-ci il təvəllüdlü Hacıyev Tərlan Fikrət oğlu həmyaşıdı, Ağdaş şəhər sakini Nəsibov Ətraf Nəsib oğlunu bıçaqlayıb. Ürək və kürək nahiyəsindən bıçaq xəsarətləri alan Ətraf Nəsibov hadisə yerində dünyasını dəyişib.
 
Qətli törədən Tərlan Hacıyev hadisə yerindən qaçaraq Qəbələ rayonunda yaşayan qohumunun evində, sonra isə meşə ərazisində gizlənsə də, günorta saatlarında Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
 
Rayon sakinlərinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, Ağdaş Dövlət Humanitar Kollecinin 2-ci kurs tələbəsi olan Ətraf Nəsibovun namus üstündə qətlə yetirildiyi bildirilir. Belə ki, Ətraf Nəsibov Tərlan Hacıyevin Ağdaşda orta məktəbin 10-cu sinfində oxuyan və dayısının evində yaşayan bacısı ilə görüşüb. Sonradan qız barəsində xoşagəlməz fikirlər söyləyən Ətraf Nəsibovun bu hərəkəti Tərlan Hacıyevin xoşuna gəlməyib. Tərlan Hacıyev bacısına görə Bakıdan Ağdaşa gələrək Ətraf Nəsibovu amansızlıqla qətlə yetirib. Qətli törədən Tərlan Hacıyevin valideynlərinin hazırda Türkiyədə olduğu bildirilir.
 
Qeyd edək ki, hadisə Ağdaş Dövlət Humanitar Kollecinin ərazisindən kənarda, dərslərarası fasilə vaxtı baş verib. Ətraf Nəsibov kolleci özbaşına tərk edərək poçtun yanına gedib və məlum hadisə bu zaman qeydə alınıb.
 
Kollecdən apa-nın yerli bürosuna bildirilib ki, Ətraf Nəsibov dərslərini yaxşı oxuyan, sakit təbiətli insan olub, tələbə gənclər təşkilatının üzvü kimi təhsil ocağının tədbirlərində fəal iştirak edirmiş.
 
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfində cinayət işi açılıb, araşdırma aparılır.

----------

12:30

Ağdaş rayonunda 17 yaşlı gənci qətlə yetirən şəxsin adı məlum olub.

Xəbərçi.az-ın report-a istinadən məlumatına görə, Ağdaş rayon Hümanitar Kollecin 3-cü kurs tələbəsi Coşqun Nəsibovu şəhərin Müşviq İsayev küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Tərlan Fikrət oğlu Hacıyev bıçaqlayaraq qətlə yetirib. 

İkin məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib. 

Belə ki, qətlə yetirilən Ə.Nəsibov hadisəni törədən şəxsin bacısının arxasınca gedib. Bundan xəbər tutan qızın qardaşı T.Hacıyev onu söhbət etmək üçün çağırıb və Ə.Nəsibovu öldürüb.

Hadisəni törədən şəxs daha sonra qaçıb. 

Hazırda hüquq mühafizə orqanları tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.

---------

12:08

Ağdaş rayonunda qətlə yetirilən 17 yaşlı gəncin adı məlum olub.

 

Xəbərçi.az-ın report-a istinadən məlumatına görə, hadisə Ağdaş şəhəri, Bəkir Nəbiyev küçəsində qeydə alınıb. 

Belə ki, Ağdaş şəhəri, Əhməd Cavad küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Coşqun Ətraf oğlu Nəsibov bıçaqlanaraq öldürülüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

----------

11:10

Ağdaşda qətl hadisəsi baş verib.

Xəbərçi.az apa-ya istinadənməlumat verir ki, hadisə bu gün 10.30 radələrində Ağdaş şəhərindəki Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb.

16-17 yaşlarında olduğu deyilən oğlanın ürəyindən bıçaqlanaraq öldürüldüyü bildirilir.

Onun meyiti müayinə olunmaq üçün Ağdaş morquna aparılıb.

Faktla bağlı araşdırma aparılır. Ölən və hadisəni törədənin kimliyi hələlik məlum deyil.


loading...